Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov İmişli şəhəri Namiq Şirinov adına 5 nömrəli məktəb-liseydə və Rəvayət İsmayılov adına Mirili kənd tam orta ümumtəhsil məktəblərində olub.
Səfərin məqsədi məktəblərdə tədris prosesinin təşkili, şagirdlərin dərsə davamiyyətinin vəziyyəti və ümumi nizam-intizam məsələlərinin yerində öyrənilməsi olub.
Səfər çərçivəsində Rabil Şahbazov müəllim və məktəb rəhbərləri ilə görüşlər keçirib, dərs proseslərini izləyib, tədris resurslarının səmərəli istifadəsi ilə bağlı tövsiyələr verib. Həmçinin məktəblərdə təhsil keyfiyyətinin artırılması, pedaqoji heyətin peşəkar inkişafı və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.
Məktəb kollektivi ilə səmimi söhbət edən R. Şahbazov onların fikirlərini dinləyib, müvafiq mövzularla bağlı tövsiyələrini verib.
Qeyd edək ki, təhsili idarəetmə qurumları rəhbərlərinin məktəblərə öncədən planlaşdırılmadan səfər etməsi, müəllim, şagird və valideynlərlə görüşləri, müzakirələri maraqla qarşılanır. Regional Təhsil İdarəsi tərəfindən bu kimi səfərlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.