23.10.2025

Məktəbəqədər təhsil müəssisələrində rəhbər vəzifələrdə çalişanların diaqnostik qiymətləndirilməsi ilə bağlı maarifləndirici görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışanların keçirilməsi nəzərdə tutulan diaqnostik qiymətləndirilməsi ilə bağlı onlayn görüş keçirilib. Görüşün məqsədi rəhbər heyətin peşəkar inkişafını dəstəkləmək, qiymətləndirmə prosesinin məqsəd və mərhələləri barədə ətraflı məlumat vermək olub.

 

Maarifləndirici görüşdə Mil-Muğan RTİ-nin İnzibati təşkilat sektorunun müdiri Feyzulla Aslanov diaqnostik qiymətləndirmənin məqsədi, çərçivə sənədi və digər texniki məsələlər haqqında ətraflı məlumat verib. Bildirib ki, təhsil prosesinin fəal iştirakçısı olan məktəbəqədər təhsil müəssisəsinin rəhbəri keyfiyyətli təhsil və qayğının təmin edilməsində məsuliyyət daşıyır. Onların səriştələrini (xüsusilə də pedaqoji lider kimi) yoxlamaq və inkişaf ehtiyaclarını müəyyənləşdirmək üçün xarici keyfiyyət təminatı sisteminin tərkib hissəsi olan diaqnostik qiymətləndirmə keçirilir. Diaqnostik qiymətləndirmə prosesi kompleks yanaşma tələb edir və bunun üçün müxtəlif alətlərdən istifadə olunması tövsiyə olunur. Bu alətlərdən biri kimi çıxış edən test imtahanının məqsədi rəhbər vəzifələrdə çalışanların bilik və bacarıqlarını qiymətləndirmək və imtahan prosesində toplanan məlumatları ölçərək təhlil etməkdir. 

 

Görüşdə iştirak edən Mil-Muğan RTİ-nin əməkdaşı Nurlana Xəlilova qeyd edib ki, diaqnostik qiymətləndirmədə iştirakçılara pedaqoji liderlik üzrə 25,  idarəetmə üzrə 15, rifah üzrə 10,  pedaqoji etika və əməkdaşlıq üzrə isə 10 sual olmaqla ümumilikdə 60 sual təqdim olunacaq. Sualların cavablandırılması üçün iştirakçılara 120 dəqiqə vaxt veriləcək.

 

Diaqnostik qiymətləndirilməsi nəzərdə tutulan rəhbər vəzifələrdə çalişanlara dəstək məqsədilə simulyativ imtahanın keçiriləcəyi də qeyd olunub.

 

Sonda vurğulanıb ki, bu cür maarifləndirici tədbirlər davamlı şəkildə həyata keçiriləcək və rəhbər vəzifələrdə çalışan kadrların peşəkar inkişafına dəstək veriləcək.