Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Peşə və ömürboyu təhsilin proqramları” şöbəsinin təşkilatçılığı ilə Beyləqan rayonu Dünyamalılar kəndi Əlibala Şirinov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən peşə təmayüllü siniflərdə monitorinq keçirilib.
Monitorinqin əsas məqsədi peşə təmayüllü siniflərdə mövcud infrastrukturun vəziyyətinin və maddi-texniki bazanın yararlılıq səviyyəsinin qiymətləndirilməsi, tədris prosesinin səmərəliliyinin təhlili, şagirdlərin səriştələrinin inkişaf dinamikasının izlənməsi və təhsilin keyfiyyətinin artırılmasına yönəlmiş təkliflərin hazırlanmasıdır.
Monitorinq prosesi əvvəlcədən hazırlanmış meyarlar əsasında ARTİ-nin əməkdaşları - Günel Fərəcova və Mehriban Eyvazova tərəfindən keçirilib.
Monitorinqdə şagirdlərin kompüter savadlılığı, ofis proqramları ilə işləmə bacarıqları, informasiya texnologiyalarından istifadə səviyyəsi və texniki tapşırıqların icrası üzrə nəticələri yoxlanılıb.
Qiymətləndirmə prosesi fərdi və qrup tapşırıqları əsasında aparılıb, şagirdlər praktiki suallara cavab verib və kompüter operatoru fəaliyyətinə dair əsas prosedurları tətbiq ediblər. Monitorinq nəticələri şagirdlərin ixtisasa dair nəzəri biliklərlə yanaşı, əməli bacarıqlara da yiyələndiklərini göstərib.