İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbdə həyata keçirilən “Tam orta məktəb” layihəsi çərçivəsində valideynlərlə ilk görüş təşkil olunub.
İclasın əsas məqsədi layihədə iştirak edən şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilmiş sınaq imtahanının nəticələrinin müzakirəsi, layihənin mahiyyəti, qarşıda duran vəzifələr və tədris mühitində şagirdlər üçün yaradılan yeniliklər barədə valideynləri ətraflı məlumatlandırmaq olub.
Tədbiri məktəbin rəhbərliyi açaraq, layihənin məktəbin inkişafına və şagirdlərin gələcək təhsil nailiyyətlərinə verəcəyi töhfələrdən danışıb. Bildirib ki, “Tam orta məktəb” layihəsi çərçivəsində tədris prosesinin keyfiyyətinin artırılması, şagirdlərə fərdi yanaşmanın gücləndirilməsi və onların müxtəlif istiqamətlərdə bacarıq və potensiallarının inkişaf etdirilməsi məqsədi ilə bir sıra yeniliklər tətbiq olunacaq.
İclas zamanı valideynlərə müəllim heyətinin qarşıya qoyduğu hədəflər, şagirdlərin dərsə davamiyyəti, təlim-tərbiyə məsələləri və imtahan nəticələri təhlil olunaraq, mövcud nailiyyətlər, inkişaf dinamikası barədə valideynlərə ətraflı məlumat verilib.
Eyni zamanda valideynlərin sualları cavablandırılıb, onların təklif və fikirləri dinlənilib.
Sonda məktəbin rəhbərliyi və müəllim kollektivi valideynlərlə sıx əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq, şagirdlərin uğurlu gələcəyi üçün valideyinləri birgə fəaliyyətə çağırıblar.
Məktəbdə bu görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur və valideyn-məktəb əməkdaşlığının daha səmərəli şəkildə qurulmasına xidmət edir.