Sabirabad şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü və Vətən müharibəsi şəhidi Hüseynov Ağahüseyn Aydın oğlunun anım günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, şəhid ailələri və qazilər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir zamanı çıxış edənlər Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfərdən, 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq və igidlik nümunələrindən danışıblar, şəhid Hüseynov Ağahüseyn Aydın oğlunun həyat və döyüş yoluna işıq salıblar.
Bildirilib ki, bu Zəfər bütün anti-Azərbaycan qüvvələrinə göstərdi ki, xalqımız hər cür təhlükəni dəf etməyə qadirdir və öz torpağının bir qarışından belə imtina etməyəcək. Bu Qələbə nəticəsində biz ərazi bütövlüyümüzlə yanaşı, milli qürurumuzu da bərpa etdik. Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrətində qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığı və bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq. Şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcu olduğu bir daha diqqətə çatdırılıb.
Sonra şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər, mahnılar səsləndirilib, şəhidin ailəsinə və yaxınlarına dərin ehtiram ifadə olunub.
Tədbir Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda tərbiyəsində, dövlətçiliyə və şəhidlərimizin müqəddəs xatirəsinə hörmət hisslərinin aşılanmasında mühüm əhəmiyyət kəsb edib.