Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Beyləqan rayon Təhsil sektorunun, rayon Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Zəfərin mübarək” adlı şeir müsabiqəsinin ilk seçim turu keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlətçilik və milli kimlik dəyərlərinə hörmətin aşılanması, həmçinin gənc nəsildə Azərbaycan Respublikasının Konstitusiyasına, dövlət müstəqilliyinə və suverenliyinə bağlılıq hissinin daha da möhkəmləndirilməsi olub.
Tədbirdə şagirdlər Vətənə, azadlığa, dövlətçilik ideyalarına, qəhrəmanlıq və zəfər mövzularına həsr olunmuş şeirlər səsləndiriblər, bədii ifa bacarıqları, səs tonu və emosional ifadə tərzinə görə münsiflər heyəti tərəfindən qiymətləndiriblər.
Seçim mərhələsində bir çox məktəbdən istedadlı şagirdlər iştirak edib, onların çıxışlarında Vətənə olan sevgi, azadlığımızın və suverenliyimizin dəyəri xüsusi vurğulanıb. Tədbir zamanı həm müəllimlər, həm də münsiflər heyəti tərəfindən şagirdlərin bədii qiraət bacarıqları yüksək qiymətləndirilib və onlara tövsiyələr verilib.
İlk seçim turunun nəticələrinə əsasən, münsiflər heyətinin qərarı ilə növbəti mərhələdə iştirak etmək hüququ qazanan şagirdlərin adları təşkilatçılar tərəfindən təsdiqlənəcək və yekun mərhələ rayon səviyyəsində təşkil olunacaq.
Müsabiqənin yekun mərhələsində qaliblər diplom, fəxri fərman və xatirə hədiyyələri ilə təltif ediləcəklər.
Bu cür tədbirlərin keçirilməsi şagirdlərdə milli-mənəvi dəyərlərin formalaşmasına, dil və ədəbiyyata marağın artırılmasına, həmçinin onların yaradıcı potensialının üzə çıxarılmasına mühüm töhfə verir.