31.10.2025

Təlim-tərbiyə işləri üzrə direktor müavinləri və təşkilatçıların iştirakı ilə növbəti görüş keçirilib

Sabirabad rayon təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və təşkilatçıların iştirakı ilə növbəti görüş keçirilib.

 

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov və Sabirabad rayon təhsil sektorunun müdiri Mircamal Həşimov iştirak ediblər.

 

Tədbirin əsas məqsədi korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici görüşlərin keçirilməsi, məktəblərdə şagird intizam qaydalarına əməl olunması, şagird təhlükəsizliyinin təmin edilməsi, məktəb sənədlərinin düzgün və səmərəli şəkildə işlənilməsi, həmçinin tədris ilinin fəaliyyət planında qarşıda duran cari vəzifələrin icrası ilə bağlı məsələlərin müzakirəsi olub.

 

Tədbirdə çıxış edən Rabil Şahbaz rayon üzrə ümumtəhsil məktəblərində aparılan monitorinqlər, əldə olunan nəticələr və müşahidə edilən problemlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, son dövrlərdə məktəblərdə şagird intizamının möhkəmləndirilməsi, məktəbdaxili davranış qaydalarına əməl olunması və şagird təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər daha da gücləndirilməlidir.

 

O, məktəblərdə şagirdlərin dərsə davamiyyətinə nəzarətin artırılması, dərsə gecikmə və intizam pozuntularının qarşısının alınması məqsədilə valideynlərlə sıx əməkdaşlıq qurulmasının vacibliyini vurğulayıb. Təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, məktəbin daxili nizam-intizam qaydaları hər bir şagirdə və valideynə aydın şəkildə çatdırılsın, sinif rəhbərləri tərəfindən bu istiqamətdə maarifləndirici söhbətlər mütəmadi aparılsın. R. Şahbazov təhsil müəssisələrinin qarşısında duran vəzifələr barədə danışaraq məktəblərdə vətəndaş məmnunluğunun təmin olunması, korrupsiya ilə bağlı hüquqpozmalar və onların həlli istiqamətində görülən nəzarət tədbirləri ilə bağlı məsələləri də müəssisə rəhbərlərinin diqqətinə çatdırıb.

 

Eyni zamanda, iclasda şagird təhlükəsizliyinin təmin olunması məsələləri geniş müzakirə edilib, məktəblərin giriş-çıxış rejiminə, yanğın təhlükəsizliyi qaydalarına, məktəb ərazisində və ətrafında nəzarətin gücləndirilməsinə dair konkret tövsiyələr verilib.

 

Görüş zamanı həmçinin məktəb sənədlərinin - məktəb daxili əmrlərin və hesabat formalarının işlənilməsi, saxlanılması ilə bağlı metodik göstərişlər verilib, bu istiqamətdə mövcud nöqsanların aradan qaldırılması üçün rəhbərlərə konkret tapşırıqlar təqdim edilib.

 

Fəaliyyət planında qarşıda duran cari vəzifələrdən biri kimi, tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris ilinin təşkili ilə bağlı əmrin tələblərinin icrasını diqqətdə saxlanılması, məktəblərdə mütəmadi olaraq dərs dinləmələrin aparılması, fənn müəllimlərinin məsuliyyətinin artırılması və metodik tədbirlərin keçirilməsi nəzərdə tutulub.


Açar sözlər: ,  ,  ,