İmişli rayon təhsil sektorunun, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının İmişli Rayon Komitəsinin, “YARAT” Təhsil və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Zəfər Gününün beşinci ildönümü münasibətilə rayonun ümumi təhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” və “Xəmsə” milli intellektual oyunları üzrə intellektual bilik yarışı təşkil olunub.
Yarışın təşkilatçıları və iştirakçıları İmişli rayonu İdris Səfərov adına Yalavac kənd tam orta ümumtəhsil məktəbin həyətində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin önünə gül dəstələri qoyublar və onların ruhuna dualar oxunub.
Bilik yarışının keçirilməsində məqsəd yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, gənclər arasında bilik və elmin nüfuzunu artırmaq, həmçinin Zəfər Gününün tarixi əhəmiyyətinin gənc nəslə aşılanması olub.
Tədbirdə öncə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin açılışında çıxış edənlər Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsindən, şəhid və qazilərimizin unudulmaz xidmətlərindən danışıblar. İştirakçılara uğurlar arzulayaraq yarışın əhəmiyyətini vurğulayıb.
İmişli rayonu İdris Səfərov adına Yalavac kənd tam orta ümumtəhsil məktəbində keçirilən bilik yarışında rayonun ümumi təhsil məktəbləri üzrə 12 komandanın iştirakı ilə 60 nəfər məktəbli öz intellektual biliyini nümayiş etdirib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, Şahin Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin “Erudit” komandası I yerə, Muradalılı kənd tam orta ümumtəhsil məktəbin “Dəmir Yumruq” komandası II yerə, Namiq Şirinov adına 5 nömrəli məktəb-lisey “Küdrü Qartalları” komandası isə III yerə layiq görülüblər. Qalib komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.