Azərbaycan xalqının müasir tarixində xüsusi yer tutan Zəfər Günü şanlı ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi və müstəqilliyimizin əbədiliyinin rəmzi kimi qeyd olunur. Təhsil müəssisələrində keçirilən tədbirlərin əsas məqsədi şanlı Zəfərimizin əhəmiyyətini gənc nəslə aşılamaq, vətənpərvərlik ruhunu yüksəltmək və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etməkdir.
Tədbirlər çərçivəsində məktəblərdə “Zəfərin səsi”, “Qarabağ Azərbaycandır!”, “Qəhrəmanlar unudulmur” adlı ədəbi-bədii kompozisiyalar, musiqili konsert proqramları, inşa və rəsm müsabiqələri, həmçinin “Zəfər tariximiz” mövzusunda açıq dərslər, dəyirmi masalar və təqdimatlar təşkil olunur. Şagirdlər Vətən müharibəsində göstərilən qəhrəmanlıqları əks etdirən səhnəciklər təqdim edir, Azərbaycan Ordusunun igidliyini tərənnüm edən şeirlər səsləndirirlər.
Məktəblərin dəhlizləri Zəfər Gününə həsr edilmiş stendlərlə, şəhid və qazilərimizin fotoları, üçrəngli bayrağımız və “Qarabağ Azərbaycandır!” şüarları ilə bəzədilib. Şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunaraq onların yaradıcılıq bacarıqları nümayiş etdirilir.
Tədbirlərdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, qazilər, ictimaiyyət nümayəndələri və yerli icra strukturlarının əməkdaşları da iştirak edirlər. Onlar şagirdlərlə öz xatirələrini bölüşür, gənclərə Vətəni sevməyin, onu qorumağın vacibliyindən danışırlar.