Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 17 noyabr 2025-ci il tarixdən 17 dekabr 2025-ci il saat 18:00-dək eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu həyata keçiriləcəkdir.
Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər.
İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı tələb olunan sənədləri yaşadıqları rayon üzrə təhsil sektorlarına yaxınlaşaraq təqdim edə bilərlər.
Tələb olunan sənədlər:
1)Məktəb direktorunun adına ünvanlanmış ərizə. Ərizədə aralıq imtahanının hansı təhsil pilləsi üzrə verəcəyini, əsas xarici dil hansı fənn olacağını (İngilis dili, rus dili, fransız dili, alman dili), hansı bölmə üzrə imtahan verəcəyini (Azərbaycan və ya rus) əlaqə nömrəsini, faktiki yaşadığı ünvanı qeyd edilməlidir;
2)Şəxsiyyət vəsiqəsinin surəti;
3)3x4 ölçüdə 2 ədəd şəkil;
4)Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak etmək üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) surəti;
5)Əvvəllər təhsil aldığınız müəssisədən əldə etdiyiniz təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın surəti;
6)Başqa bölgədə məktəbi bitirənlər üçün yaşayış yerindən arayış;
7)Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır.
Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət aralıq imtahanda iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər.
Ekstern imtahanları IX və XI siniflərin tədris planına uyğun olaraq, rəsmxət, əmək hazırlığı (texnologiya), təsviri incəsənət, fiziki tərbiyə, musiqi və nəğmə, gənclərin çağırışaqədərki hazırlığı fənləri istisna olmaqla digər bütün fənlər üzrə keçiriləcək.
Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır.
İmtahanlarında uğur qazanmış eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanırlar.
Qeyd: təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə şəxsin eksternat qaydasında imtahanlarda iştirakı təmin edilməyəcək. İmtahanın keçiriləcəyi yer və tarix barədə əlavə məlumat veriləcək.