18.11.2025

Növbəti işgüzar görüş keçirilib

Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil sektorlarının tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin iştirakı ilə növbəti işgüzar görüş keçirilib.

 

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, eləcə də rayon təhsil sektorlarının müdirləri iştirak ediblər.

 

Görüşün məqsədi məktəblərdə tədris prosesinin effektivliyinin daha da artırılması, korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbirlərin keçirilməsi, idarəetmə fəaliyyətinin təkmilləşdirilməsi, şagird təhlükəsizliyinə və intizam qaydalarına riayət edilməsinin gücləndirilməsi, məktəb sənədlərinin düzgün və səmərəli şəkildə işlənilməsi, cari məsələlərin və mövcud problemlərin həlli yolları barədə fikir mübadiləsinin müzakirəsi olub.

 

Görüşdə məktəb rəhbərlərinə intizam qaydalarına nəzarətin gücləndirilməsi, şagirdlərin təhlükəsizliyinə dair tədbirlərin sistemli şəkildə həyata keçirilməsi, pedaqoji kollektivlərin fəaliyyətinin koordinasiyası və sənədləşmə işlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlar verilib. Eyni zamanda, məktəblərin idarə olunmasında müasir yanaşmaların tətbiqi, valideynlərlə əməkdaşlığın genişləndirilməsi və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi istiqamətində tövsiyələr səsləndirilib. Korrupsiyaya şərait yaradan halların qarşısının alınması sahəsində vacib tədbirlərin görülməsindən, korrupsiya əməllərinə görə tətbiq edilən məsuliyyət tədbirlərindən, korrupsiyaya şərait yaradan amillər və məlumat təhlükəsizliyi barədə ətraflı məlumatlar verilib.

 

Qeyd olunub ki, sənədləşmə prosesi təhsil müəssisələrinin fəaliyyətinin obyektiv qiymətləndirilməsi, təlim-tərbiyə işinin planlaşdırılması və idarəetmənin şəffaflığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə məktəb rəhbərlərinə metodik tövsiyələr verilib və mövcud çatışmazlıqların aradan qaldırılması üçün praktiki yanaşmalar müzakirə olunub.

 

Cari məsələlərin icrasına dair təqdimatlar edilib, plan üzrə görüləcək işlər və prioritet istiqamətlər diqqətə çatdırılıb. İştirakçılar arasında cari tədris prosesində qarşıya çıxan problemlər, onların həlli yolları, eləcə də təhsil müəssisələrində idarəetmənin müasir tələblərə uyğun qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda qarşıdakı dövr üçün prioritet fəaliyyət istiqamətləri müəyyən edilib və məktəb rəhbərlərinə müvafiq tövsiyələr verilib.


Açar sözlər: ,  ,