01.12.2025

Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

 

Tədbirlər çərçivəsində məktəblərdə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş təqdimatlar, ədəbi-bədii kompozisiyalar, mühazirələr, şeir saatları və müzakirələr keçirilib. Şagirdlər şairin məşhur əsərlərindən parçalar səsləndirib, onun poeziyasının əsas ideya xəttini – vətən, azadlıq, dil sevgisi və insani dəyərləri öz ifalarında canlandırıblar. Eyni zamanda, müəllimlərin iştirakı ilə dəyirmi masalar təşkil edilib, böyük söz ustadının yaradıcılığının tədris prosesində istifadəsinin əhəmiyyəti mövzusunda müzakirələr aparılıb.

 

Məktəblərin kitabxanalarında təşkil olunan kitab sərgiləri şagird və müəllimlərin xüsusi marağına səbəb olub. Sərgilərdə Bəxtiyar Vahabzadənin müxtəlif illərdə nəşr olunmuş kitabları, onun haqqında yazılmış xatirə və tədqiqat əsərləri nümayiş etdirilib.

 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində keçirilən silsilə tədbirlərin əsas məqsədi böyük ədibin zəngin irsinin gənc nəslə tanıdılması, milli-mənəvi dəyərlərin təbliği və ədəbiyyata marağın artırılmasından ibarətdir.


Açar sözlər: ,  ,  ,