Mil-Muğan Regional Təhsil İdarəsinin (RTİ) təşəbbüsü ilə təşkil olunan “Təhsilin keyfiyyəti və valideyn–məktəb əməkdaşlığı” mövzusunda konfrans pedaqoji ictimaiyyətin və valideynlərin geniş marağına səbəb olub.
Tədbirdə rayonun ümumi təhsil müəssisələrində çalışan müəllimlər, tərbiyəçi-müəllimlər, məktəb psixoloqları, həmçinin 150-dən çox valideyn iştirak edib. Konfransın əsas məqsədi tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində mövcud çağırışları müzakirə etmək, məktəb–valideyn əməkdaşlığını daha sistemli və davamlı formaya gətirmək olub.
Konfransda Mil-Muğan RTİ-nin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli və Sabirabad rayonu üzrə təhsil sektorunun müdiri Mircamal Həşimov çıxış edərək, son illər təhsilin keyfiyyətinin artırılması üçün atılan addımlar, məktəblərdə müasir idarəetmə modeli, valideynlərin təhsil prosesinə cəlb olunmasının əhəmiyyəti barədə geniş məlumat veriblər.
Cavid Məmmədli çıxışında vurğulayıb ki, təhsilin keyfiyyətinin yüksəldilməsi yalnız məktəbin deyil, bütün cəmiyyətin üzərinə düşən ortaq məsuliyyətdir. Məktəb və valideyn eyni məqsədə – şagirdin şəxsiyyət kimi formalaşmasına xidmət edir. Burada əməkdaşlıq nə qədər güclü olarsa, nəticə də bir o qədər uğurlu olacaq.
Mircamal Həşimov isə Sabirabad məktəblərində həyata keçirilən layihələr, müəllimlərin peşəkar inkişafı və valideynlərlə davamlı kommunikasiya mexanizmləri barədə danışıb. O, qeyd edib ki, müasir təhsil mühitində valideynlərin rolunun gücləndirilməsi, məktəblə açıq dialoqun formalaşdırılması zəruridir.
Konfrans çərçivəsində psixoloqlar tərəfindən uşaqların sosial-emosional inkişafı, ailə–məktəb münasibətlərinin şagird davranışına təsiri kimi mövzularda təqdimatlar edilib. Valideynlərlə interaktiv müzakirələr aparılıb, onların rəy və təklifləri dinlənilib.
Tədbir sonda iştirakçıların suallarının cavablandırılması, məktəblərdə valideyn fəaliyyətinin yeni modelləri və gələcək planların müzakirəsi ilə başa çatıb.