Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Beyləqan rayonunun ümumi təhsil müəssisələrinin müəllimlərinin, tərbiyəçi-müəllimlərinin, psixoloqlarının və 350 nəfərdən çox valideynin iştirakı ilə “Uşaqların Psixososial İnkişafında Rəqəmsal Texnologiyaların Rolu: Risklər və İmkanlar” mövzusunda konfrans keçirilib. Konfransda Mil-Muğan RTİ-nin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, həmçinin Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasov iştirak edərək mövzu ilə bağlı çıxış ediblər.
Tədbirin məqsədi valideynlər, məktəb rəhbərləri və təhsil işçiləri üçün uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi, psixoloji inkişafı, sosial davranışları və texnologiyadan doğru istifadə vərdişləri barədə sağlam fikir formalaşdırmaq olub.
Tədbirdə çıxış edən Cavid Məmmədli qeyd edib ki, rəqəmsal texnologiyalar uşaqların təhsil imkanlarını genişləndirsə də, onların emosional və sosial inkişafına təsir edən bir çox risklər də mövcuddur. İnternetdən həddindən artıq istifadə, sosial şəbəkələrdə yanlış informasiyalar, kibertəhlükələr, həmçinin uşaqların real sosial mühitdən uzaqlaşması valideynlərin diqqət etməli olduğu məqamlardandır. Bu gün təhsildə rəqəmsal bacarıqlar və texnologiya uşaqların dünyagörüşünü genişləndirən güclü vasitədir. Lakin onu idarə etmək, balans yaratmaq bizim - müəllimlərin və valideynlərin birgə məsuliyyətidir.
Elvin Abbasov isə valideyn-məktəb əməkdaşlığının əhəmiyyətini önə çəkərək bildirib ki, uşaqların rəqəmsal davranışlarının formalaşmasında ailənin rolu danılmazdır. Uşaqlar həyatın hər sahəsində nümunəni ilk növbədə ailədən götürür. Valideynlər həm öz texnologiya istifadələrinə diqqət etməli, həm də övladlarına düzgün istiqamət verməlidirlər.
Tədbir zamanı valideynləri maraqlandıran suallar cavablandırılıb, rəqəmsal texnologiyaların təhlükəsiz istifadəsi ilə bağlı praktik tövsiyələr verilib, həmçinin məktəblərdə bu istiqamətdə görülən işlər haqqında məlumatlar paylaşılıb.
Müzakirələr interaktiv şəkildə davam edib və iştirakçılar tərəfindən mövzuya yüksək maraq göstərilib.
Sonda təşkilatçılar belə tədbirlərin davamlı olaraq keçiriləcəyini qeyd edərək, valideyn və məktəb arasında möhkəm əlaqənin uşaqların sağlam psixososial inkişafının əsas amili olduğunu vurğulayıblar.