Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagirdlərin müasir informasiya mühitində daha təhlükəsiz, məsuliyyətli və məlumatlı şəkildə davranmalarını təşviq etmək məqsədilə media savadlılığına həsr olunmuş maarifləndirici tədbirlər keçirilib.
Tədbirlər zamanı şagirdlərlə “Media savadlılığı nədir?” sualı ətrafında interaktiv müzakirələr aparılıb, real nümunələr üzərində xəbərin əsas əlamətləri, informasiyanın mənbəyini müəyyənləşdirməyin yolları və məlumat istehlakında diqqət yetirilməli məqamlar izah edilib. Sosial şəbəkələrdə tez-tez rast gəlinən manipulyativ paylaşımlar, saxta xəbərlər və emosional təsir məqsədilə hazırlanmış kontentlərin necə tanınması barədə praktiki tövsiyələr verilib.
Müəllimlər şagirdlərə məlumatları kor-koranə qəbul etməməyi, hər bir iddiaya sual verməyi, faktları yoxlamağı, müxtəlif mənbələri müqayisə etməyi və fərqli baxış bucaqlarını nəzərə almağı vərdişə çevirməyin vacibliyini vurğulayıblar. Tədbirlər zamanı açıq dialoqa xüsusi yer verilib və şagirdlər öz gündəlik sosial media təcrübələri ilə bağlı suallarını səsləndirib, müzakirələrə fəal şəkildə qoşulublar.
Eyni zamanda rəqəmsal etika, onlayn davranış qaydaları, şəxsi məlumatların qorunması və internetdən məsuliyyətli istifadə kimi mövzular da geniş şəkildə izah olunub. Şagirdlərə onlayn məkanda təhlükəsiz qalmağın yolları, şəxsi məlumatların paylaşılması zamanı nəzərə alınmalı risklər, həmçinin rəqəmsal izlərin gələcəkdə yaratdığı təsirlər haqqında ətraflı məlumat verilib.