10.12.2025

Beyləqanda Xalq Şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub

Beyləqan rayonunda Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri, xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə yaddaqalan tədbir keçirilib.

 

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə Mədəniyyət müəssisələri və Dünyamalılar kəndi Əlibala Şirinov adına 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə baş tutan tədbir, şairin zəngin yaradıcılığına və milli düşüncə tarixindəki misilsiz roluna ehtiramın göstəricisi oldu.

 

Tədbirdə çıxış edən Dünyamalılar kəndi 1 nömrəli tam orta məktəbin direktoru Əli Quliyev və Birinci Şahsevən kənd Gəray Əsədov adına 1 nömrəli məktəbin direktoru Elnurə Kazımova böyük şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqedən söz açıblar. Onlar Vahabzadənin milli kimlik, azadlıq, dil və Vətən birlik kimi dəyərləri qoruyub yaşatmaqda misilsiz xidmətlərini vurğulayaraq onun yaradıcılığının bugünkü gəncliyin formalaşmasında mühüm rol oynadığını qeyd ediblər.

 

Sonra “Bəxtiyar Vahabzadə: Ömürdən səhifələr” adlı bədii-sənədli videoçarx nümayiş etdirilib. Videoçarx şairin zəngin yaradıcılığını, ictimai fikrə təsirini və insanlara ilham verən şəxsiyyətini bir daha canlı şəkildə xatırladıb.

 

Tədbirin bədii hissəsi isə xüsusi rəngarəngliyi ilə seçilib. Niyazi adına musiqi məktəbinin müəllim və şagirdləri, həmçinin məktəblilər və folklor evinin yaradıcı kollektivləri Bəxtiyar Vahabzadənin şeirlərinə həsr olunmuş kompozisiyalar təqdim ediblər. Şagirdlərin ifasında səslənən musiqilər, şairin sözlərinə bəstələnmiş mahnılar və müxtəlif rəqs nümunələri tədbirə emosional və coşqulu bir ruh qatıb.


Açar sözlər: ,  ,  ,