17.12.2025

Mil-Muğan regionunda gənc müəllimlər arasında intellektual yarış keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsi və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı təşkil olunub. Yarışda regionun rayonlarını təmsil edən bir qrup gənc müəllim öz bilik və bacarıqlarını sınayıb.

 

Yarışın məqsədi gənc müəllimlərin intellektual potensialının inkişaf etdirilməsi, onların maarifçilik fəaliyyətinə dəstək göstərilməsi, eyni zamanda müəllimlər arasında dostluq, həmrəylik və sağlam rəqabət mühitinin gücləndirilməsi olub.

 

Yarış maraqlı və gərgin mübarizə şəraitində keçib. Komandalar müxtəlif mövzuları əhatə edən suallara cavab verərək həm bilik səviyyələrini, həm də komanda şəklində işləmək bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar bu cür intellektual oyunların peşəkar inkişaf və qarşılıqlı ünsiyyət baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

 

Nəticələrə əsasən, Saatlı rayonunu təmsil edən “Birlik” komandası I, İmişli rayonunun “Armogedon” II,  Beyləqan rayonunun “Mil” komandası isə III yeri tutub. Qalib komandalar təşkilatçılar tərəfindən diplomla təltif ediliblər.

 

Tədbirin sonunda iştirakçılara uğurlar arzulanıb, bu kimi maarifləndirici və motivasiyaedici tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub.


Açar sözlər: ,  ,  ,  ,