Mil-Muğan Regional Təhsil İdarəsinin təşəbbüsü ilə region üzrə fəaliyyət göstərən metodistlərin iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili və Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli iştirak ediblər.
Onlayn görüş zamanı görülmüş işlərin nəticələri ətrafında geniş müzakirələr aparılıb, əldə olunan nailiyyətlər və mövcud çətinliklər diqqətə çatdırılıb. Eyni zamanda, 2025–2026-cı tədris ili üçün nəzərdə tutulan prioritet istiqamətlər, qarşıda duran vəzifələr və fəaliyyət planı müzakirə olunaraq metodistlərin təklif və rəyləri dinlənilib. Görüş qarşılıqlı fikir mübadiləsi və açıq dialoq şəraitində keçib.
Bəhruz Nəbili çıxışında metodistlərin tədris prosesindəki rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, metodik xidmətin keyfiyyətinin yüksəldilməsinin ümumi təhsil mühitinin inkişafına birbaşa təsir göstərdiyini qeyd edib. O, metodistlərin müəllimlərlə sıx əməkdaşlıq etməsinin, məktəbdaxili metodik işin sistemli şəkildə təşkili və tədrisin keyfiyyətinin artırılması baxımından vacibliyini diqqətə çatdırıb.
Cavid Məmmədli isə müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, innovativ tədris metodlarının tətbiqi, eləcə də metodik dəstəyin daha səmərəli təşkili istiqamətində görüləcək işlər barədə məlumat verib. O, müasir təhsil çağırışlarına uyğun yanaşmaların tətbiqinin şagird nailiyyətlərinin yüksəldilməsində mühüm rol oynadığını bildirib.
Görüş məktəbdaxili metodik işin keyfiyyətinin artırılması, müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi və region üzrə metodik fəaliyyətin daha effektiv qurulması baxımından əhəmiyyətli olub.
Sonda qarşıdakı tədris ilində görüləcək işlərə dair ümumi razılıq əldə edilib və metodistlərə tövsiyələr verilib.