Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov tədris prosesinin mövcud vəziyyəti ilə yerində tanış olmaq məqsədilə Beyləqan rayonu Dünyamalılar kəndi Əlibala Şirinov adına 1 nömrəli, Ələmdar Rzayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində və İmişli şəhəri Namiq Şirinov adına 5 nömrəli məktəb-liseydə olub.
Səfər zamanı Rabil Şahbazov məktəblərdə siniflərdə keçirilən dərs məşğələlərini izləyib, tədrisin təşkili, dərslərin məzmunu və müəllimlərin metodik yanaşmaları ilə yaxından tanış olub. Dərslər zamanı müasir təlim metodlarından istifadə, şagird-müəllim ünsiyyəti, eləcə də şagirdlərin dərs prosesində fəallığı diqqət mərkəzində saxlanılıb.
Müdir müavini müəllimlərin peşəkar hazırlıq səviyyəsini, dərslərin planlı və məqsədyönlü şəkildə aparılmasını müsbət qiymətləndirib, eyni zamanda tədrisin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı tövsiyələrini verib. O, şagirdlərin dərsə marağının artırılmasının, tənqidi düşünmə və müstəqil fikir formalaşdıran tapşırıqların genişləndirilməsinin vacibliyini vurğulayıb.
Rabil Şahbazov məktəb rəhbərləri ilə görüş zamanı təhsil müəssisələrində yaradılan tədris mühiti, maddi-texniki baza, müəllim və şagird nailiyyətləri barədə fikir mübadiləsi aparıb. Bildirib ki, bu cür monitorinqlər məktəblərdə real vəziyyətin öyrənilməsi, qarşıda duran vəzifələrin düzgün müəyyənləşdirilməsi və təhsilin keyfiyyətinin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər zamanı həm müəllim kollektivi, həm də şagirdlərlə səmimi ünsiyyət qurulub, onların təklif və fikirləri dinlənilib. Qeyd olunub ki, şagirdlərin dərs prosesində göstərdikləri maraq və fəallıq gələcək uğurların əsas göstəricilərindən biridir və bu istiqamətdə görülən işlər daim diqqət mərkəzində saxlanılacaq.