25.12.2025

Sabirabad və Saatlı rayonlarının ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri ilə maarifləndirici görüş keçirib

Bakı Ali Neft Məktəbinin (BANM) İngilis dili və humanitar fənlər mərkəzinin müdiri Asif Qocayev Sabirabad və Saatlı rayonlarının ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri ilə maarifləndirici görüş keçirib.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin dəstəyi ilə Sabirabad rayonu Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan görüşün əsas məqsədi şagirdləri Bakı Ali Neft Məktəbinin təklif etdiyi ixtisaslar, təhsil imkanları və karyera perspektivləri ilə yaxından tanış etmək, onların gələcək seçimlərini daha şüurlu şəkildə etmələrinə dəstək göstərmək olub.

 

Görüş zamanı Asif Qocayev Bakı Ali Neft Məktəbinin fəaliyyəti, tədris modeli və beynəlxalq standartlara əsaslanan təhsil sistemi haqqında geniş təqdimatla çıxış edib. O bildirib ki, SOCAR-ın nəzdində fəaliyyət göstərən BANM ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olaraq tələbələrə yüksək keyfiyyətli təhsil, müasir laboratoriyalar, təcrübə proqramları və geniş karyera imkanları təqdim edir.

 

Asif Qocayev vurğulayıb ki, Bakı Ali Neft Məktəbi xüsusilə neft və qaz sənayesi, mühəndislik, biznesin idarə edilməsi, maliyyə və informasiya texnologiyaları sahələrində təhsil almaq istəyən gənclər üçün ideal seçimdir. Təhsil prosesinin ingilis dilində aparılması, beynəlxalq müəllim heyətinin cəlb olunması və xarici universitetlərlə əməkdaşlıq BANM məzunlarının həm ölkə daxilində, həm də xaricdə rəqabətqabiliyyətli kadrlar kimi formalaşmasına imkan yaradır.

 

Şagirdlər Asif Qocayevə onları maraqlandıran sualları ünvanlayıblar. Şagirdlər qəbul qaydaları, təqaüd imkanları və məzunların məşğulluq səviyyəsi ilə bağlı ətraflı məlumat əldə ediblər.


Açar sözlər: ,  ,