27.12.2025

“Məktəbli Kuboku”nun III seçim mərhələsi uğurla baş tutub

Mil-Muğan Regional Təhsil İdarəsinin təşəbbüsü, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı və “Global Olympiad Center”in dəstəyi ilə həyata keçirilən “Məktəbli Liqası” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Məktəbli Kuboku”nun III seçim mərhələsi uğurla baş tutub.

 

Yarışın məqsədi məktəblilərin intellektual potensialını üzə çıxarmaq, onların məntiqi düşünmə, analiz və qərarvermə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda komanda ruhunu formalaşdırmaq olub. Yarış gənclərin asudə vaxtının səmərəli təşkili baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu cür intellektual platformalar şagirdlərin yalnız biliklərini yoxlamaqla kifayətlənmir, həm də onları ünsiyyətə, əməkdaşlığa və sağlam rəqabətə təşviq edir.

 

Seçim mərhələsində İmişli, Saatlı və Sabirabad rayonlarının ümumi təhsil müəssisələrində təhsil alan VI–XI sinif şagirdlərindən ibarət 14 komanda iştirak edib. Yarış boyu komandalar diqqət, sürətli düşünmə və düzgün məntiq üzərində qurulan suallara cavab verməklə öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyun iştirakçıların yüksək hazırlıq səviyyəsini və intellektual yarışlara olan böyük marağını bir daha ortaya qoyub.

 

Yekunda Saatlı rayonunu təmsil edən “Birlik” komandası yüksək nəticə göstərərək I yerə layiq görülüb. İmişli rayonunun “Erudit” komandası II yeri qazanaraq bilik və mübarizə əzmini nümayiş etdirib. Saatlı rayonunun “Qarabağ” və “Stimul” komandaları isə eyni xal toplayaraq III yeri bölüşüblər. Qalib və fərqlənən komandalar təşkilatçılar tərəfindən təltif olunub, iştirakçılara uğurlar arzulanıb.

 

“Məktəbli Kuboku” layihəsi regionlarda intellektual hərəkatın genişlənməsinə mühüm töhfə verir. Bu cür yarışlar məktəblilər arasında sağlam rəqabət mühitinin formalaşmasına, gənclərin özünə inamının artmasına və gələcəkdə daha böyük uğurlara imza atmaları üçün möhkəm zəmin yaradır. Eyni zamanda, şagirdlərin özünüifadə bacarıqlarını inkişaf etdirir, onları elmə, bilik yarışlarına və intellektual fəaliyyətə daha çox cəlb edir.


Açar sözlər: ,  ,  ,