31.12.2025

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə tədbirlər təşkil olunub

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə tədbirlər təşkil olunub. Tədbirlər məktəblərdə bayram ovqatı, milli birlik və vətənpərvərlik ruhu ilə yadda qalıb.

 

Tədbirlərdə çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Azərbaycan xalqının milli birlik və həmrəylik ideyasını özündə ehtiva etdiyini vurğulayıblar. Qeyd olunub ki, bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin siyasi irsində xüsusi yer tutur və onun uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının bir amal ətrafında birləşməsi dövlətçilik tariximizin mühüm mərhələlərindən birinə çevrilib. Məhz bu ideya xalqımızın həmrəylik ənənələrinin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynayıb.

 

Diqqətə çatdırılıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə milli həmrəylik ideyası bu gün də uğurla davam etdirilir, müasir Azərbaycanın dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi həyata keçirilir. Çıxışlarda xalqımızın birlik və həmrəyliyinin müstəqil dövlətimizin inkişafının əsas dayağı olduğu xüsusi vurğulanıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalq, dövlət və ordu birliyinin ən parlaq nümunəsi kimi tarixə həkk olunub və bu birlik Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirib.

 

Tədbirlər çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş videoçarxlar nümayiş etdirilib, milli dəyərlərimizi, tariximizi və birlik ideyasını əks etdirən təqdimatlar maraqla qarşılanıb.

 

Bayram tədbirləri şagirdlərin ifasında səsləndirilən vətənpərvərlik ruhlu şeirlər, mahnılar və bədii kompozisiyalarla davam edib. Şagirdlərin hazırladıqları çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb, məktəblilərin milli-mənəvi dəyərlərə bağlılığı bir daha nümayiş etdirilib.


Açar sözlər: ,  ,