Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində rayonun ümumi təhsil müəssisələrində fəaliyyət göstərən bir qrup coğrafiya müəlliminin iştirakı ilə maarifləndirici görüş keçirilib. Görüşün məqsədi təhsil ictimaiyyətini ölkədə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən mühüm təşəbbüslər, eləcə də beynəlxalq əhəmiyyətli tədbirlər barədə məlumatlandırmaq olub.
Tədbir zamanı Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı geniş məlumat verilib. Müəllimlərə bildirilib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkə üzrə müxtəlif maarifləndirici, elmi və praktiki tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Görüşdə həmçinin 17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçirilməsi planlaşdırılan Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyasının əhəmiyyəti diqqətə çatdırılıb. Vurğulanıb ki, bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin şəhərsalma sahəsində qazandığı təcrübənin dünya ictimaiyyətinə təqdim olunması, eyni zamanda beynəlxalq təcrübənin öyrənilməsi baxımından böyük imkanlar yaradır. Müəllimlər forumun mövzuları, məqsədləri və gözlənilən nəticələri ətrafında fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində coğrafiya müəllimi Natiq Əliyev tərəfindən Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına həsr olunmuş təqdimat materialı iştirakçılara təqdim edilib. Təqdimatda şəhərsalmanın müasir çağırışları, dayanıqlı inkişaf, iqlim dəyişikliklərinin şəhər mühitinə təsiri və bu mövzuların coğrafiya fənni ilə əlaqəsi ətraflı şəkildə izah olunub.
Qeyd edilib ki, təqdimat materialı növbəti mərhələdə dərs prosesində şagirdlərə təqdim olunacaq. Bu yanaşma şagirdlərin şəhərsalma, memarlıq və dayanıqlı inkişaf mövzularına marağının artırılmasına, onların dünyagörüşünün genişlənməsinə xidmət edəcək.