13.01.2026

“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Saatlı rayonunda gənclərin sağlam həyat tərzinə təşviqi və zərərli vərdişlərdən uzaq saxlanılması məqsədilə maarifləndirmə tədbiri təşkil olunub. Saatlı rayon təhsil sektorunun və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbində keçirilən tədbir “Narkomaniyaya yox deyək” mövzusuna həsr edilib.

 

Tədbirdə çıxış edən rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Vəliyev narkomaniyanın insan sağlamlığına, psixoloji durumuna və sosial həyatına vurduğu ciddi zərərlərdən danışıb. O, bildirib ki, narkomaniya yalnız bir şəxsin deyil, bütövlükdə cəmiyyətin qarşısında duran ciddi problemlərdən biridir. Bu bəla ilə mübarizədə ailələrin, təhsil müəssisələrinin və ictimai qurumların birgə və ardıcıl fəaliyyəti vacibdir. Xüsusilə gənclərin düzgün maarifləndirilməsi onların gələcəyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Görüş zamanı erkən nikahların fəsadları mövzusuna da toxunulub. Çıxış edənlər erkən yaşda ailə qurmağın həm hüquqi, həm də sosial baxımdan yaratdığı problemlərdən söz açıblar və yeniyetmə yaşlarında nikahın qanunvericiliklə qadağan olunduğu iştirakçıların diqqətinə çatdırılıb.

 

Sonda məktəblilərin mövzu ilə bağlı verdikləri suallar cavablandırılıb və onların fikirləri dinlənilib.


Açar sözlər: ,  ,