16.01.2026

“Bilikdən Birlik” adlı məktəblərarası qarşılıqlı nümunəvi dərs təşkil edilib.

Ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə məktəblərarası qarşılıqlı əməkdaşlığa əsaslanan “Bilikdən Birlik” adlı məktəblərarası qarşılıqlı nümunəvi dərs təşkil edilib. Dərsin məqsədi məktəblər arasında təcrübə mübadiləsini gücləndirmək, müəllimlərin peşəkar inkişafını dəstəkləmək və şagirdlərin təlim nəticələrini daha da yaxşılaşdırmaq olub.

 

“Bilikdən Birlik” çərçivəsində əməkdaşlıq edən məktəblərdə praktiki dərslərin səviyyəsinin yüksəldilməsi, müasir və innovativ tədris üsullarının tətbiqi, eləcə də yeni pedaqoji ideyaların formalaşdırılması diqqət mərkəzində saxlanılıb. Dərs zamanı müəllimlərin birgə fəaliyyətinin stimullaşdırılması onların bilik və bacarıqlarının artmasına, şagirdlərin isə daha geniş və maraqlı öyrənmə imkanları əldə etməsinə şərait yaradıb. Xüsusilə təlim nəticələri zəif olan şagirdlərin öyrənməyə marağının artırılması və motivasiyasının gücləndirilməsi tədbirin əsas prioritetlərindən biri kimi vurğulanıb.

 

Nümunəvi dərs Beyləqan rayonu Birinci Şahsevən kəndi Gəray Əsədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi ilə Sabirabad rayonu Böyükağa Ağayev adına Ulacalı kənd tam orta ümumtəhsil məktəbinin VIII sinifləri arasında keçirilib. Dərs videobağlantı vasitəsilə təşkil olunub və bu format müəllimlərə və şagirdlərə qarşılıqlı ünsiyyət qurmaq, təcrübə paylaşmaq və birgə öyrənmək imkanı yaradıb. Şagirdlər dərsdə fəal iştirak edib, müəllimlər isə dərs prosesində müasir metodlardan istifadə edərək mövzunu daha anlaşıqlı və maraqlı şəkildə təqdim ediblər.

 

Videobağlantıda Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, region üzrə fəaliyyət göstərən müasir metodistlər və bir qrup fənn müəllimləri iştirak ediblər. Rəhbərlik çıxışlarında layihənin əhəmiyyətini xüsusi qeyd edərək bildirib ki, bu cür əməkdaşlıq formatları məktəblər arasında sağlam rəqabət və qarşılıqlı dəstək mühitinin formalaşmasına xidmət edir. Müəllimlərin təşəbbüskarlığı və fəal iştirakı yüksək qiymətləndirilib, gələcəkdə bu formatın daha geniş şəkildə tətbiq olunmasının vacibliyi vurğulanıb.


Açar sözlər: ,  ,  ,