İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində rayonun müxtəlif ümumi təhsil müəssisələrində çalışan bir qrup coğrafiya müəlliminin iştirakı ilə maarifləndirici görüş keçirilib.
Görüşün əsas məqsədi təhsil ictimaiyyətini ölkədə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən mühüm təşəbbüslər, eləcə də beynəlxalq əhəmiyyətli tədbirlər barədə məlumatlandırmaq olub.
Tədbir zamanı iştirakçılara Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu il çərçivəsində respublika üzrə müxtəlif maarifləndirici, elmi və praktiki tədbirlərin keçirilməsi planlaşdırılır və bu təşəbbüs şəhər mühitinin daha dayanıqlı, müasir və insan yönümlü inkişafına xidmət edir.
Görüşdə, həmçinin 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyasının əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin şəhərsalma sahəsində qazandığı təcrübənin dünya ictimaiyyətinə təqdim olunması, eyni zamanda qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi baxımından böyük imkanlar yaradır. Müəllimlər forumun mövzuları, məqsədləri və gözlənilən nəticələri ətrafında fikir mübadiləsi apararaq, bu prosesdə təhsilin rolunun nə qədər vacib olduğunu qeyd ediblər.
Tədbir çərçivəsində coğrafiya müəllimi Günay İbrahimova tərəfindən Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına həsr olunmuş təqdimat iştirakçılara təqdim edilib. Təqdimatda şəhərsalmanın müasir çağırışları, dayanıqlı inkişaf, iqlim dəyişikliklərinin şəhər mühitinə təsiri və bu mövzuların coğrafiya fənni ilə sıx əlaqəsi ətraflı şəkildə izah olunub. Müəllimlər təqdimatı böyük maraqla qarşılayaraq, mövzunun şagirdlər üçün də olduqca aktual olduğunu vurğulayıblar.
Qeyd edilib ki, hazırlanmış təqdimat materialı növbəti mərhələdə dərs prosesində şagirdlərə təqdim olunacaq. Bu yanaşma şagirdlərin şəhərsalma, memarlıq və dayanıqlı inkişaf mövzularına marağının artırılmasına, onların dünyagörüşünün genişlənməsinə və müasir problemlərə daha həssas yanaşmasına xidmət edəcək.