Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəyə marağını artırmaq və oxu bacarıqlarını inkişaf etdirmək məqsədilə həyata keçirilən “Oxu dəqiqələri” uğurla davam edir.
“Oxu dəqiqələri” çərçivəsində müxtəlif yaş qruplarından olan şagirdlər üçün onların maraq dairəsinə və inkişaf səviyyəsinə uyğun bədii mətnlər seçilir. Məqsəd təkcə oxumaq deyil, uşaqları kitabın sehrinə cəlb etmək, onları düşünməyə, sual verməyə və öz fikirlərini bölüşməyə təşviq etməkdir.
“Oxu dəqiqələri” zamanı şagirdlər oxuduqları əsərlər ətrafında müzakirələr aparır, personajların davranışlarını təhlil edir, hadisələrin gedişinə münasibət bildirir və əsas ideyalar barədə düşüncələrini paylaşırlar. Bu interaktiv mühit onların tənqidi düşünmə bacarıqlarının formalaşmasına, nitq mədəniyyətinin və özünə inamının inkişafına müsbət təsir göstərir.
Qeyd etmək lazımdır ki, bu cür təşəbbüslər məktəblərdə sağlam və müsbət təlim mühitinin yaradılmasına, şagirdlərin dünyagörüşünün genişlənməsinə və oxumağın onların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilməsinə mühüm töhfə verir.