Azərbaycan şahmatında yeni nəsil istedadların üzə çıxarılması məqsədilə 8-18 yaş arası şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir. İsveçrə sistemi üzrə təşkil olunan yarış iki mərhələdən - seçmə və final mərhələdən ibarətdir.
Seçmə mərhələlər Naxçıvan Muxtar Respublikası, Bakı, Gəncə və Sumqayıt şəhər çempionatları, eləcə də müxtəlif regionlarda təşkil olunan yarışlar vasitəsilə keçirilir. Bu mərhələlərdə uğur qazanan şahmatçılar ölkə çempionatının finalına vəsiqə qazanacaqlar.
Eyni zamanda, müəyyən göstəricilərə malik olan gənc şahmatçılar seçmə mərhələdə iştirak etmədən birbaşa çempionatın final mərhələsində oynamaq hüququ əldə edirlər. Bu göstəricilər aşağıdakılardır:
2025-ci il yaş qrupları üzrə ölkə çempionatının medalçıları,
Dünya və ya Avropa çempionatlarında ilk 6 yeri tutan şahmatçılar,
FİDE-nin 2026-cı ilin yanvar, fevral və mart aylarında açıqladığı reytinq siyahılarında qeydə alınmış ən yüksək göstərici əsasında minimal reytinq tələbinə cavab verən idmançılar.
Qeyd edək ki, Mil-Muğan Regional Təhsil İdarəsi üzrə seçmə yarışlar İmişli Rayon Uşaq-Gənclər Şahmat İdman Məktəbində keçirilir. Yarışların idarə olunması Azərbaycan Şahmat Federasiyası tərəfindən təyin olunmuş peşəkar hakimlər heyətinə həvalə edilib.
Bu çempionat təkcə yarış deyil – gənclərin öz bacarıqlarını göstərməsi, böyük şahmat arenasına doğru ilk ciddi addımlarını atması üçün mühüm fürsətdir. Azərbaycan şahmatının gələcəyi məhz bu lövhələr arxasında formalaşır.