Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ili üçün nəzərdə tutulan “Qış məktəbi” layihəsi uğurla davam edir. Layihə 27-31 yanvar 2026-cı il tarixlərini əhatə edir və region üzrə məktəblərdə könüllülük prinsipi əsasında həyata keçirilir.
“Qış məktəbi”nin əsas məqsədi şagirdlərin tədris ilinin birinci yarısında öyrəndikləri əsas mövzuları möhkəmləndirmək, bilik və bacarıqlarını təkrarlamaq, eyni zamanda onların təlimə marağını və özünə inamını artırmaqdır. Layihə çərçivəsində keçirilən dərslər və fəaliyyətlər şagirdlərin təhsil prosesinə daha motivasiya ilə, hazırlıqlı və həvəslə davam etmələrinə dəstək verir.
Layihədə 2025-2026-cı tədris ilində IV, VI və IX siniflərdə təhsil alan şagirdlər iştirak edirlər. Dərslər yaş xüsusiyyətləri nəzərə alınmaqla qurulur, fənlər üzrə əsas mövzular təkrarlanır, eyni zamanda şagirdlərin yaradıcı və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirən interaktiv metodlardan, əyləncəli və maarifləndirici fəaliyyətlərdən geniş istifadə olunur.
“Qış məktəbi” müəllim və şagirdlərin qarşılıqlı əməkdaşlığı əsasında, könüllülük prinsipi əsasında təşkil olunur. Layihəyə qoşulan müəllimlər öz peşəkar təcrübələrini bölüşərək şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, fərdi inkişafına və gələcək uğurlarına töhfə verirlər.
Mil-Muğan Regional Təhsil İdarəsi olaraq inanırıq ki, “Qış məktəbi” layihəsi şagirdlərin təlimə marağını artırmaqla yanaşı, onların potensialının üzə çıxarılmasında və daha güclü nəticələr əldə etməsində mühüm rol oynayacaq.