Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində şagirdlərin peşə bacarıqlarına yiyələnməsi məqsədilə həyata keçirilən “Peşə təmayüllü siniflər” (PTS) layihəsi uğurla davam etdirilir. 2025-2026-cı illəri əhatə edən layihə çərçivəsində hazırda bölgə üzrə onlarla məktəbdə peşəyə marağı olan gənclər üçün geniş imkanlar yaradılıb.
Hazırda Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə dairəsinə daxil olan 4 rayon üzrə ümumilikdə 49 sinifdə 816 şagird bu layihəyə cəlb olunub. Belə ki, Beyləqan rayonu üzrə 6, İmişli rayonu üzrə 6, Saatlı rayonu üzrə 7 məktəb və Sabirabad rayonu üzr isə 9 məktəbdə “Peşə təmayüllü siniflər” fəaliyyət göstərir.
10-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan bu layihənin ən böyük üstünlüyü şagirdlərin məktəbi bitirərkən tam orta təhsil haqqında attestat və 2 ixtisas üzrə ilkin peşə təhsili sertifikatı əldə etməsidir.
Bu sertifikatlar gənclərin gələcəkdə əmək bazarına daha tez inteqrasiya olunmasına və asanlıqla iş tapmasına şərait yaradır.
Layihəyə qəbul 10-cu sinifdən həyata keçirilir. 9-cu sinfi bitirən və peşə təhsilinə maraq göstərən şagirdlər öz ərizələri ilə PTS fəaliyyət göstərən məktəblərə müraciət edə bilərlər.
Layihənin əsas məqsədi ümumi orta təhsil bazasında təhsil alan şagirdləri müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələndirmək, onları peşə ixtisasları barədə məlumatlandırmaq və əmək bazarına hazırlamaqdır.