Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Saatlı rayon Komitəsinin sədri Qabil Nağıyev Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbində olublar.
Səfər çərçivəsində Bəhruz Nəbili “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışının “Məktəbli Liqası” layihəsi üzrə region təhsil idarələri arasında keçirilmiş final mərhələsinin qalibi olan məktəbin “Birlik” komandasının üzvləri ilə görüşüb. Səmimi və isti ab-havada keçən görüşdə idarə müdiri şagirdlərlə söhbət edərək onların qazandıqları uğuru yüksək qiymətləndirib, hər birini ayrı-ayrılıqda təbrik edib.
B. Nəbili çıxışında bildirib ki, bu cür nailiyyətlər təkcə məktəbin deyil, bütün regionun qürur mənbəyidir: “Azərbaycanın gələcəyi məhz belə savadlı, düşünən, məqsədli gənclərin əlindədir. Sizin bu uğurunuz həm zəhmətinizin, həm də müəllimlərinizin fədakar əməyinin nəticəsidir.”
Görüşün sonunda “Birlik” komandasının üzvləri Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən diplomlar və qiymətli hədiyyələrlə təltif olunublar. Tədbir iştirakçıları bu uğurun digər şagirdlər üçün də böyük motivasiya olacağını vurğulayıblar.
Əlisoltanlı məktəbində keçirilən görüş bir daha göstərdi ki, düzgün istiqamət, dəstək və inam olduqda məktəblilərimiz böyük nailiyyətlərə imza ata bilirlər.