06.02.2026

Respublika Fənn Olimpiadalarının yarımfinalçıları üçün silsilə görüşlər keçirilib

Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının ümumi təhsil müəssisələrindən Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal mərhələsinə vəsiqə qazanmış şagirdlər, onların fənn müəllimləri və valideynləri ilə maarifləndirici görüşlər keçirilib.

 

Görüşlərin məqsədi şagirdləri qarşıdakı məsuliyyətli mərhələyə daha məqsədyönlü şəkildə hazırlamaq, onların mənəvi-psixoloji motivasiyasını yüksəltmək və "valideyn-müəllim-şagird" üçbucağı formatında əməkdaşlığı gücləndirmək olub.

 

Görüşdə çıxış edənlər bildiriblər ki, Respublika fənn olimpiadalarının keçirilməsində əsas hədəf istedadlı uşaqları vaxtında üzə çıxarmaq, onların potensialını inkişaf etdirmək və məktəblilərin beynəlxalq olimpiadalarda ölkəmizi layiqincə təmsil etməsinə şərait yaratmaqdır. Qeyd edilib ki, bu yarışlar şagirdlərdə fənlərə olan marağı artırır, onları sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirməyə təşviq edir. Müəllimlərə tövsiyə edilib ki, olimpiadanın müvafiq fənlər üzrə proqramı ilə şagirdlər ətraflı tanış edilsin, ötən illərin yarımfinal və final mərhələlərinə aid tapşırıqlar təhlil olunsun və bu istiqamətdə planlı hazırlıq işləri aparılsın.

 

Tədbirin sonunda əvvəlki illərdə RFO-da və müxtəlif fənn müsabiqələrində uğur qazanmış şagirdlər çıxış edərək öz təcrübələrini bölüşüb, uğura gedən yolda qarşılaşdıqları çətinlikləri necə dəf etdiklərini və motivasiya mənbələri barədə iştirakçılara məlumat veriblər. Onların səmimi çıxışları gələcək olimpiada iştirakçıları üçün böyük ruhlandırıcı təsir yaradıb.

 

Görüş zamanı müəllimləri, şagirdləri və valideynləri maraqlandıran suallar cavablandırılıb, hazırlıq prosesi ilə bağlı faydalı məsləhətlər verilib.


Açar sözlər: ,  ,  ,  ,