Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilmiş “Valideyn məmnuniyyəti” sorğusunun nəticələrinə həsr olunmuş maarifləndirici görüşlər keçirilir.
“Valideyn məmnuniyyəti” sorğusunun məqsədi valideynlərin təhsil prosesinə münasibətini öyrənmək, məktəblərin fəaliyyətini daha da təkmilləşdirmək və şagirdlərin keyfiyyətli təhsil alması üçün real ehtiyacları müəyyənləşdirməkdir.
Görüşlərdə siniflər üzrə valideynlər fəal iştirak edir, sorğunun nəticələri ətraflı şəkildə təqdim olunur və açıq müzakirələr aparılır. Valideynlər öz təkliflərini, narahatlıqlarını və gözləntilərini birbaşa məktəb rəhbərliyi və müəllim heyəti ilə bölüşmək imkanı əldə edirlər.
Müzakirələr zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin psixoloji rifahı, müəllim-şagird münasibətləri, məktəbdaxili mühit və valideynlərin təlim-tərbiyə prosesində rolu kimi mövzular xüsusi diqqət mərkəzində saxlanılır. Valideynlərin fikirləri dinlənilir, irəli sürülən təkliflər qeydə alınır və mümkün həll yolları birgə müzakirə olunur.
Görüşlərdə məktəb-valideyn əməkdaşlığının vacibliyi xüsusi vurğulanır. Bildirilir ki, şagirdin uğuru yalnız məktəbin deyil, həm də ailənin dəstəyi ilə mümkündür. Valideynlərin məktəblə daim əlaqədə olması, uşaqlarının təhsilinə maraq göstərməsi və müəllimlərlə sıx əməkdaşlıq etməsi təlim prosesinin səmərəliliyini artıran əsas amillərdəndir.
Mil-Muğan Regional Təhsil İdarəsi bu görüşlərin mütəmadi keçirilməsini, valideynlərin rəy və təkliflərinin nəzərə alınmasını və təhsil müəssisələrində sağlam, açıq və etimada əsaslanan mühitin formalaşdırılmasını prioritet istiqamət kimi müəyyən edib.