10.02.2026

Saatlı rayonunda ibtidai sinif müəllimləri ilə növbəti görüş keçirilib

Saatlı rayonu Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbində rayonun ümumi təhsil müəssisələrinin III və IV siniflərində dərs deyən ibtidai sinif müəllimləri ilə növbəti görüş təşkil olunub. Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli və Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova iştirak ediblər.

 

Tədbirin əsas məqsədi ibtidai təhsildə keyfiyyətin daha da yüksəldilməsi, şagirdlərin oxu və riyazi savadlılıqlarının inkişaf etdirilməsi, onların təhlil etmək və nəticə çıxartmaq bacarıqlarının gücləndirilməsi istiqamətində görülən işlərin dəyərləndirilməsi və qarşıya qoyulan hədəflərə çatmaq yollarının müzakirəsi olub. Eyni zamanda zəif oxuyan şagirdlərin sayının azaldılması və IV siniflərdə keçiriləcək monitorinqlərə sistemli hazırlıq məsələləri diqqət mərkəzində saxlanılıb.

 

Cavid Məmmədli çıxışında bildirib ki, III və IV siniflərdə əldə olunan bilik və bacarıqlar şagirdlərin bütün təhsil həyatı boyunca onlara yol göstərir. O, qeyd edib ki, oxu savadlılığı yalnız mətni səsləndirmək deyil, həm də mətni anlamaq, təhlil etmək və nəticə çıxarmaq bacarığıdır. Riyazi savadlılıq isə gündəlik həyatda məntiqi düşünmə və problem həll etmə vərdişlərinin əsasını qoyur. Bu baxımdan müəllimlərin dərslərdə daha çox fəal və interaktiv təlim metodlarından istifadə etməsi xüsusi əhəmiyyət daşıyır.

 

Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova isə çıxışında zəif oxuyan şagirdlərin sayının azaldılması üçün fərdi yanaşmanın və valideynlərlə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, hər bir şagirdin potensialı var və həmin potensialın üzə çıxarılması müəllim, valideyn və məktəb rəhbərliyinin birgə səyi ilə mümkündür. Günay Sultanova müəllimləri şagirdlərlə daha sıx ünsiyyət qurmağa, onların psixoloji və sosial xüsusiyyətlərini nəzərə almağa çağırıb.

 

Görüşdə, həmçinin, IV siniflərdə keçiriləcək monitorinqlərə hazırlıq məsələləri ətraflı şəkildə müzakirə edilib. Müəllimlərə qiymətləndirmə meyarları, monitorinqlərin məqsədi və nəticələrin təhlili ilə bağlı tövsiyələr verilib. Qeyd olunub ki, bu monitorinqlər şagirdlərin real bilik və bacarıqlarını üzə çıxarmağa, eyni zamanda tədrisdə mövcud olan boşluqları vaxtında müəyyən etməyə və aradan qaldırmağa imkan yaradır.

 

Sonda müəllimlərin sualları cavablandırılıb, təklif və rəyləri dinlənilib.


Açar sözlər: ,  ,  ,