11.02.2026

“Bilikdən Birlik” çərçivəsində məktəblərarası nümunəvi dərs təşkil olunub

Təhsildə əməkdaşlıq və təcrübə mübadiləsini gücləndirmək məqsədilə Mil-Muğan Regional Təhsil İdarəsinin dəstəyi ilə “Bilikdən Birlik” məktəblərarası qarşılıqlı nümunəvi dərs keçirilib. “Bilikdən Birlik” məktəblərarası qarşılıqlı nümunəvi dərsin əsas məqsədi müəllimlərin fənn üzrə həmkar dəstəyi mexanizmlərinin koordinasiyasını gücləndirmək, məktəblər arasında təcrübə mübadiləsini təşviq etmək, tədris prosesində əldə olunan nəticələri izləmək və təhlil etməkdir.

 

Xatırladaq ki, “Bilikdən Birlik” məktəblərarası qarşılıqlı nümunəvi dərsin keçirilməsi Beyləqan rayonu Birinci Şahsevən kəndi Gəray Əsədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Elnurə Kazımovanın təşəbbüsü ilə olub.

 

Nümunəvi dərs videobağlantı formatında Beyləqan rayonu Dünyamalılar kəndi Əlibala Şirinov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi ilə Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinif şagirdləri arasında təşkil olunub. Onlayn format dərsə həm müəllimlərin, həm də şagirdlərin fəal şəkildə qoşulmasına, qarşılıqlı ünsiyyət və birgə öyrənmə mühitinin formalaşmasına imkan yaradıb.

 

Dərs zamanı müəllimlər müasir təlim metodlarından istifadə edərək mövzunu şagirdlər üçün daha anlaşıqlı və maraqlı şəkildə təqdim ediblər. Şagirdlər dərsdə yüksək fəallıq göstərib, sual-cavab və tapşırıqlar zamanı bilik və bacarıqlarını sərbəst şəkildə nümayiş etdiriblər. Müəllimlərin birgə fəaliyyəti onların peşəkar inkişafına töhfə verməklə yanaşı, şagirdlər üçün də daha geniş və zəngin öyrənmə imkanları yaradıb.

 

Videobağlantıda Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, region üzrə fəaliyyət göstərən müasir metodistlər və bir qrup fənn müəllimi iştirak ediblər. Cavid Məmmədli çıxışında layihənin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu cür əməkdaşlıq formatları məktəblər arasında sağlam rəqabət, qarşılıqlı dəstək və peşəkar həmrəylik mühitinin formalaşmasına xidmət edir. Müəllimlərin təşəbbüskarlığı və fəal iştirakı yüksək qiymətləndirilib, gələcəkdə “Bilikdən Birlik” formatının daha geniş miqyasda tətbiq olunmasının vacibliyi qeyd edilib.

 

Layihə çərçivəsində əməkdaşlıq edən məktəblərdə praktiki dərslərin səviyyəsinin yüksəldilməsi, müasir və innovativ tədris üsullarının tətbiqi, eləcə də yeni pedaqoji ideyaların formalaşdırılması əsas prioritetlər kimi diqqət mərkəzində saxlanılır.


Açar sözlər: ,  ,