16.02.2026

Saatlı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin riyaziyyat müəllimləri ilə görüş keçirilib

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli və Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova iştirak ediblər.

 

Görüşün məqsədi region məktəblərində riyaziyyat fənninin tədrisi vəziyyətini təhlil etmək, müəllimlərin qarşılaşdığı çətinlikləri dinləmək və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olub.

 

Çıxış edənlər son illər təhsil sahəsində həyata keçirilən islahatların, xüsusilə müəllimlərin stimullaşdırılması, onların peşəkar inkişaf imkanlarının genişləndirilməsi və müəllim nüfuzunun artırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, müəllimin inkişafı birbaşa olaraq şagird nailiyyətlərinə təsir göstərir və bu baxımdan riyaziyyat müəllimlərinin davamlı özünüinkişafı xüsusi önəm daşıyır.

 

Müzakirələr zamanı şagirdlərin erkən yaşlardan riyazi düşünmə bacarıqlarına yiyələnməsinin vacibliyi qeyd olunub. Vurğulanıb ki, riyaziyyat yalnız fənn kimi deyil, analitik düşüncə, problem həll etmə və məntiqi təhlil bacarıqlarının formalaşmasında əsas vasitələrdən biridir. Bu baxımdan dərslərin daha interaktiv təşkili, müasir təlim metodlarının tətbiqi və şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması xüsusi diqqət mərkəzində saxlanılmalıdır.

 

Görüşdə həmçinin şagird nailiyyətlərinin düzgün və obyektiv qiymətləndirilməsi, istedadlı şagirdlərlə işin sistemli qurulması, onların potensialının vaxtında aşkarlanması və uzunmüddətli motivasiya mühitinin yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Region üzrə ümumtəhsil məktəblərində riyaziyyat fənninin tədrisi ilə bağlı mövcud vəziyyət təhlil edilərək, mövcud nəticələr və inkişaf potensialı dəyərləndirilib. Tədrisin keyfiyyətinin daha da artırılması, buraxılış və qəbul imtahanlarında nəticələrin yüksəldilməsi, həmçinin şagirdlərin fənn olimpiadalarına hazırlığının gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

 

Görüşün sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib.


Açar sözlər: ,  ,