Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində V sinif şagirdləri arasında rəqəmsal bacarıqların ölçülməsi məqsədilə informatika fənni üzrə diaqnostik qiymətləndirmə prosesi uğurla təşkil olunub. Qiymətləndirmə Regional Təhsil İdarəsi tərəfindən yaradılmış xüsusi komissiyanın nəzarəti ilə, müasir platforma üzərindən həyata keçirilir.
Elektron qiymətləndirmənin əsas məqsədi şagirdlərin rəqəmsal bilik və bacarıqlarının mövcud səviyyəsini müəyyənləşdirmək, onların informasiya-kommunikasiya texnologiyalarından istifadə vərdişlərini qiymətləndirmək və gələcək inkişaf istiqamətlərini planlaşdırmaqdır. Elektron formatda keçirilən qiymətləndirmə şagirdlər üçün həm maraqlı, həm də innovativ təcrübə olmaqla yanaşı, onların rəqəmsal mühitdə sərbəst işləmə bacarıqlarını da üzə çıxarır.
Qeyd edək ki, 16–28 fevral tarixlərində “Rəqəmsal Bacarıqlar” layihəsinin tətbiq olunmadığı təhsil müəssisələrində də qiymətləndirmə prosesinin mərhələli şəkildə həyata keçirilməsi davam etdirilir. Bu yanaşma region üzrə bütün şagirdlər üçün bərabər imkanların yaradılmasına xidmət edir.