Beyləqan rayonunda ümumi təhsil müəssisələrinin IV siniflərində dərs deyən ibtidai sinif müəllimləri ilə növbəti görüş təşkil olunub. Görüş təkcə hesabat xarakteri daşımayıb, həm də gələcək hədəflər üçün bir yol xəritəsi rolunu oynayıb.Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli və Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasov iştirak ediblər.
Görüşdə əsas diqqət ibtidai təhsildə keyfiyyətin daha da yüksəldilməsinə, şagirdlərin oxu və riyazi savadlılıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlərin müzakirəsinə və qarşıya qoyulan hədəflərə çatmaq yollarının müəyyənləşdirilməsinə yönəldilib.
Çıxışlar zamanı vurğulanıb ki, ibtidai mərhələ şagirdlərin gələcək təhsil nailiyyətlərinin təməlini təşkil edir və bu mərhələdə formalaşdırılan bacarıqlar onların sonrakı uğurlarında həlledici rol oynayır.
Görüşdə xüsusilə şagirdlərin mətn üzərində işləmək, təhlil aparmaq, nəticə çıxarmaq və məntiqi düşünmək bacarıqlarının gücləndirilməsinin vacibliyi qeyd olunub. Müəllimlərlə aparılan müzakirələrdə oxu mədəniyyətinin formalaşdırılması, riyazi anlayışların şagirdlər tərəfindən daha dərindən mənimsənilməsi və dərslərdə interaktiv üsullardan istifadənin əhəmiyyəti diqqət mərkəzində saxlanılıb.
Eyni zamanda zəif oxu göstəricilərinə malik şagirdlərlə fərdi və məqsədyönlü işin təşkili, onların motivasiyasının artırılması və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi məsələləri də geniş müzakirə olunub. IV siniflərdə keçiriləcək monitorinqlərə sistemli və planlı hazırlığın vacibliyi vurğulanaraq, müəllimlərə metodiki tövsiyələr verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Təhsil sahəsində keyfiyyətin artırılmasına yönəlmiş bu cür görüşlərin davamlı xarakter daşıyacağı bildirilib.