24.02.2026

“Özümüzü kəsən qılınc” səhnədə - Ana dilinə və milli yaddaşa ehtiramın təntənəsi

Sabirabad Rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbir çərçivəsində xalq şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri səhnələşdirilərək tamaşaçılara təqdim olunub.

 

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Sabirabad rayon təşkilatının sədri, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, eləcə də rayonun idarə və təşkilat rəhbərləri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Zalda hiss olunan xüsusi ab-hava göstərirdi ki, bu tədbir təkcə bir tamaşa deyil, həm də milli kimliyə, ana dilinə və tarixi yaddaşa ehtiramın ifadəsidir.

 

Səhnə əsəri Beyləqan rayonu Birinci Şahsevən kəndi Gəray Əsədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin IX–XI sinif şagirdlərinin ifasında nümayiş olunub. Gənc aktyorların böyük məsuliyyət və həvəslə çıxış etməsi tamaşaya xüsusi canlılıq qatıb. Onların ifasında “Özümüzü kəsən qılınc” sadəcə bir ədəbi nümunə kimi deyil, tarixdən gələn bir dərs, bu günə ünvanlanan bir çağırış kimi səslənib.

 

Əsər qədim türk xalqlarının zəngin dövlətçilik ənənələrini, minilliklərə söykənən tarixi keçmişini və bu keçmişdə baş verən hadisələrin ibrətamiz nəticələrini əks etdirir. Bəxtiyar Vahabzadə minilliklər əvvəl baş verən hadisələrə müasir düşüncə prizmasından yanaşaraq, xalqın taleyində iz qoymuş faciələrin səbəblərini dərindən təhlil edir. O, əsərdə daxili çəkişmələrin, birliyin pozulmasının millətin taleyində necə ağır nəticələr doğurduğunu poetik dillə, lakin kəskin mesajlarla ifadə edir. Bu baxımdan tamaşa yalnız keçmişi xatırlatmır, eyni zamanda gələcək üçün məsuliyyət hissini də gücləndirir.

 

Səhnə quruluşu məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəqsanə Ağalıyeva və Beyləqan rayon Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrının əməkdaşları tərəfindən hazırlanıb. Rejissor işi, səhnə tərtibatı, musiqi və kostyum seçimi tamaşanın ideya məzmununu dolğun şəkildə tamamlayıb. Xüsusilə şagirdlərin emosional çıxışları, obrazları dərindən duyaraq təqdim etmələri tamaşaçıların rəğbətini qazanıb.

 

Tamaşadan sonra çıxış edən qonaqlar əsərin yüksək səviyyədə səhnələşdirildiyini vurğulayıb, gənc ifaçıları təbrik ediblər. Onlar belə tədbirlərin milli-mənəvi dəyərlərin qorunması, ana dilinin təbliği və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər. Eyni zamanda, şagirdlər üçün yaradılmış şəraitə görə Sabirabad Rayon Mədəniyyət Mərkəzinin rəhbərliyinə təşəkkür ifadə olunub.

 

Bu ədəbi-bədii gecə bir daha göstərdi ki, ana dilimiz və milli ədəbiyyatımız gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. “Özümüzü kəsən qılınc” tamaşası isə yalnız səhnədə canlandırılan bir əsər deyil, birlik, həmrəylik və milli özünüdərkə çağırış kimi yadda qaldı.


Açar sözlər: ,  ,  ,