Beyləqan rayonunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Beyləqan rayonu üzrə təhsil sektorunun, Beyləqan rayon Heydər Əliyev Mərkəzi və Beyləqan rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
“Xocalı – XX əsrin soyqırımı” adlı anım mərasimi və film nümayişi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir çərçivəsində Xocalı həqiqətlərini əks etdirən “Xocalı – XX əsrin soyqırımı” adlı sənədli film nümayiş etdirilib. Film iştirakçılara 1992-ci ilin fevralında baş vermiş faciənin miqyasını, dinc əhaliyə qarşı törədilən vəhşilikləri və həmin gecənin insan talelərində buraxdığı silinməz izləri bir daha xatırladıb.
Çıxış edənlər bildiriblər ki, 1992-ci ilin qanlı fevral gecəsində Xocalıda dinc sakinlərə qarşı törədilən qətliam bəşər tarixində insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi yadda qalıb. Qeyd olunub ki, bu faciə yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş bir cinayətdir. Bildirilib ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Onun təşəbbüsü ilə faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb, həqiqətlərin beynəlxalq arenada tanıdılması üçün sistemli fəaliyyət həyata keçirilib.
Tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsinin daim əziz tutulacağını, belə faciələrin unudulmaması və gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildiriblər.