Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib.
Tədbirlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəblərdə təşkil olunan görüş və açıq dərslərdə şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu faciə Azərbaycanın ictimai-siyasi fikir tarixində xüsusi yer tutur və onun dünya ictimaiyyətinə çatdırılması dövlətimizin daim diqqət mərkəzindədir.
Eyni zamanda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanı yerdə qalmayıb. Bu gün Xocalı sakinlərinin doğma yurdlarına qayıtması və Qarabağda genişmiqyaslı quruculuq işlərinin sürətlə davam etdirilməsi şagirdlərə qürur hissi ilə çatdırılıb.
Keçirilən tədbirlər gənc nəslin tariximizə həssas yanaşması, milli yaddaşın qorunması və vətənpərvərlik ruhunda formalaşması baxımından xüsusi əhəmiyyət daşıyıb.