Mil-Muğan Regional Təhsil İdarəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir” adlı dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Dəyirmi masada çıxış edənlər bildiriblər ki, Xocalı soyqırımı təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycan xalqının faciəsidir. Qeyd olunub ki, həmin qanlı hadisələr zamanı yüzlərlə dinc sakin – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirilib. Bu ağır itkilərə baxmayaraq, xalqımız öz şəhidlərinin xatirəsini daim uca tutur, onların əziz xatirəsini ehtiramla yad edir və gələcək nəsillərə ötürür.
Çıxışlarda xüsusi vurğulanıb ki, məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi nəticəsində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib, faciənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl addımlar atılıb. Bildirilib ki, artıq dünyanın 20-dən çox ölkəsinin parlamenti Xocalı soyqırımını qətiyyətlə pisləyən qətnamələr qəbul edib. Bu isə tarixi həqiqətlərin beynəlxalq müstəvidə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir iştirakçıları qeyd ediblər ki, 30 ildən artıq düşmən tapdağı altında qalan torpaqlarımızın azad edilməsi şəhidlərimizin ruhuna ən böyük təsəllidir. Bu gün Xocalıda və digər azad edilmiş ərazilərdə üçrəngli bayrağımızın dalğalanması xalqımızın birliyinin, iradəsinin və əzminin təntənəsidir. “Dəmir yumruq” ifadəsinin artıq bütün dünyada Azərbaycan xalqının həmrəyliyinin rəmzi kimi qəbul olunduğu vurğulanıb və torpaqlarımızın azad edilməsinin hər bir azərbaycanlı üçün qürur və fəxarət mənbəyinə çevrildiyi bildirilib.
Sonda Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunub. Ekranda əks olunan görüntülər tədbir iştirakçılarına həmin faciənin ağrı-acısını bir daha xatırladıb, eyni zamanda xalqımızın sınmaz iradəsini və tarixi ədalətə inamını nümayiş etdirib.