28.02.2026

Ümumdünya Mülki Müdafiə Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib

1 mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində silsilə maarifləndirici tədbirlər təşkil olunub.

 

Tədbirlərin məqsədi şagirdlərin fövqəladə hallara hazırlıq səviyyəsini artırmaq, onların təhlükəsizlik qaydaları ilə bağlı bilik və bacarıqlarını gücləndirmək olub. Tədbirlərdə şagirdlərə yanğının söndürülməsi üsulları, yaralılara ilkin tibbi yardımın göstərilməsi qaydaları, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması və obyektlərdə kimyəvi kəşfiyyatın təşkili barədə ətraflı məlumat verilib.

 

Eyni zamanda, ətraf mühitdə radiasiya səviyyəsinin müəyyən olunması, əleyhqaz və digər fərdi mühafizə vasitələrindən düzgün istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib və şagirdlərin sualları cavablandırılıb.

 

Maarifləndirmə çərçivəsində “fövqəladə hal” anlayışı, mülki müdafiənin əhəmiyyəti, texnogen qəzalar zamanı davranış qaydaları, yanğın, partlayış və zəhərlənmə təhlükəsindən qorunma yolları barədə geniş izahatlar verilib. Dəm qazından zəhərlənmənin profilaktikası, ilkin tibbi yardımın əsas prinsipləri, eləcə də “112” təcili yardım çağrı xidmətindən düzgün istifadə mövzuları da xüsusi diqqət mərkəzində olub.


Açar sözlər: ,  ,