2 - 7 mart tarixlərini əhatə edən və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan “İdman həftəsi” çərçivəsində ümumi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Tədbirlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən həyata keçirilir.
Həftənin ikinci günü məktəblərdə xüsusi canlanma müşahidə olunub. Şagirdlər idman sahəsində uğur qazanmış idmançılarla görüşərək onların nailiyyət hekayələrini dinləyib, uğura gedən yolun zəhmət, iradə və intizamdan keçdiyini bir daha yaxından görüblər. Görüşlər şagirdlər üçün həm motivasiyaedici, həm də maarifləndirici olub.
Bununla yanaşı, məktəblərdə idman viktorinaları təşkil edilib, şagirdlər bilik və dünyagörüşlərini sınamaq imkanı qazanıblar. “Olimpiya oyunları uşaqların gözü ilə” adlı əl işi müsabiqəsi isə balacaların yaradıcılıq potensialını üzə çıxarıb. Onların hazırladıqları rəsmlər və əl işləri idmana sevgi və marağın nə qədər səmimi və rəngarəng olduğunu nümayiş etdirib.