03.03.2026

İmişli rayonu üzrə təhsil sektorunda ümumi təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə iclas keçirilib

Görüşdə təhsil sektorunun müdiri Elşad Uğurliyev, sektorun məsləhətçisi Əlisalam Həsənov və rayonun ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

 

İclasın əsas müzakirə mövzularından biri müəllimlərin sertifikatlaşdırılması prosesinin növbəti mərhələsinə hazırlıq məsələləri olub. Əlisalam Həsənov çıxışında sertifikasiyanın mahiyyəti və məqsədi barədə ətraflı məlumat verərək bu prosesin müəllimlərin peşəkar inkişafına xidmət etdiyini vurğulayıb. O, test imtahanı və müsahibə mərhələlərinin təşkili, qiymətləndirmə meyarları, eləcə də müəllimlər üçün nəzərdə tutulan əlavə dəstək tədbirləri barədə iştirakçıları məlumatlandırıb. Qeyd olunub ki, sertifikatlaşdırma prosesi şəffaflıq və obyektivlik prinsipləri əsasında həyata keçirilir və müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə yönəlib.

 

Daha sonra Elşad Uğurliyev 2025–2026-cı tədris ilinin I yarımilinin yekunları ilə bağlı geniş təhlil təqdim edib. O, IV, VI və IX siniflərdə aparılmış monitorinqlərin nəticələrini fənlər üzrə təhlil edərək məktəblər üzrə göstəriciləri iştirakçıların diqqətinə çatdırıb. Təhlil zamanı əldə olunan nəticələr, mövcud çatışmazlıqlar və inkişaf istiqamətləri müzakirə olunub.

 

Bununla yanaşı, I yarımildə keçirilmiş kiçik və böyük summativ qiymətləndirmələrin nəticələri də ətraflı təhlil edilib. E. Uğurliyev qiymətləndirmə prosesində obyektivliyin qorunmasının, təhlillərin düzgün aparılmasının və nəticələr əsasında məqsədyönlü addımların atılmasının vacibliyini vurğulayıb.

 

İclasda məktəb–valideyn əməkdaşlığının gücləndirilməsi, dərs dinləmələrinin təşkili və keyfiyyətinin artırılması, məktəb sənədlərinin düzgün və vaxtında işlənməsi, eləcə də şagird yerdəyişməsi ilə bağlı görülən işlər müzakirə edilib. Rəhbər şəxslərə mövcud istiqamətlər üzrə konkret tapşırıqlar verilib və qarşıdakı dövr üçün prioritet hədəflər müəyyənləşdirilib.

 

E. Uğurliyev bildirilib ki, əsas məqsəd şagirdlərin daha keyfiyyətli təhsil almasına nail olmaq və məktəblərdə sağlam, məsuliyyətli və nəticəyönümlü mühit formalaşdırmaqdır.


Açar sözlər: ,  ,