İmişli rayonu üzrə təhsil sektorunun, İmişli rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş basketbol yarışı uğurla başa çatıb.
Rayonun 9 ümumtəhsil məktəbinin VIII–IX sinif şagirdlərindən ibarət komandalarının qatıldığı turnir gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və komanda ruhunun gücləndirilməsi məqsədi daşıyıb. Yarış boyunca məktəblilər yüksək əzmkarlıq, nizam-intizam və idman mədəniyyəti nümayiş etdirərək azarkeşlərə maraqlı və həyəcanlı anlar yaşadıblar.
Final mərhələsində Şahin Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası ilə Elçin Heydərov adına Ağaməmmədli kənd tam orta ümumtəhsil məktəbinin komandası qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda tərəflər qələbə üçün sonadək mübarizə aparıblar.
Görüşün yekununda Ağaməmmədli kənd tam orta ümumtəhsil məktəbinin komandası üstün oyun nümayiş etdirərək turnirin qalibi adına layiq görülüb. Qalib komandanın üzvlərinə təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunub, onların əzmkarlığı və komanda ruhu xüsusi qeyd edilib.
Tədbirin sonunda çıxış edən təşkilatçı nümayəndələr bu cür yarışların məktəblilər arasında sağlam rəqabət mühitinin formalaşmasına, istedadlı idmançıların üzə çıxarılmasına və gələcək uğurlar üçün stimul yaradılmasına xidmət etdiyini bildiriblər.