05.03.2026

“Sabahın alimləri” müsabiqəsində regional məktəblilərdən uğur: Səxavət İskəndərli bürünc medal qazandı

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri “Sabahın alimləri” XV Respublika Müsabiqəsinin final mərhələsində uğurla iştirak ediblər. Müsabiqədə regionu üç məktəbin üç şagirdi innovativ layihələri ilə təmsil edib.

 

Belə ki, Beyləqan şəhəri Elbrus Bayramov adına təbiət və humanitar fənlər təmayüllü liseyin 9-cu sinif şagirdi Hümbətli Nuray Aslan qızı, Sabirabad şəhəri Hacı Zeynalabdin Tağıyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Əliyev Mirəli Akif və Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi İskəndərli Səxavət Əlisafa final mərhələsində iştirak ediblər.

 

Müsabiqənin nəticələrinə əsasən, Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Səxavət İskəndərli riyaziyyat istiqaməti üzrə bürünc medala layiq görülərək region üçün əhəmiyyətli uğura imza atıb.

 

Gənc tədqiqatçıların bu cür müsabiqələrdə iştirakı onların elmi potensialının üzə çıxarılmasına, yaradıcı düşüncə və tədqiqat bacarıqlarının inkişafına mühüm töhfə verir. Region məktəblilərinin əldə etdiyi bu uğur isə gələcəkdə daha böyük nailiyyətlərin qazanılacağına inam yaradır.

 

Qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsi ölkəmizdə “Society for Science” təşkilatı tərəfindən təşkil olunur və Regeneron International Science and Engineering Fair (ISEF) çərçivəsində keçilir.

Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri Amerika Birləşmiş Ştatlarında keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edəcəklər.

 

Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumi təhsil müəssisələri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.


Açar sözlər: ,  ,  ,