Saatlı Olimpiya İdman Kompleksində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə məktəblilər arasında təşkil olunan voleybol turnirinin final oyunu keçirilib. Yarış Saatlı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən təşkil olunub.
Final mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, eləcə də rayon gəncləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bədən tərbiyəsi və idmanın gənc nəslin fiziki və mənəvi inkişafında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, idman sağlam həyat tərzinin formalaşmasına, gənclərin asudə vaxtının səmərəli təşkilinə və onların cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə böyük töhfə verir. Eyni zamanda Prezident cənab İlham Əliyev tərəfindən ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, gənclərin idmana cəlb olunması və kütləviliyin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin final oyununda Saatlı rayonu Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbinin “Birlik” komandası qalib gələrək turnirin çempionu adına layiq görülüb.
Sonda qalib və fərqlənən komandalar təşkilatçılar tərəfindən mükafatlandırılıb.