06.03.2026

“Oxu təlimi” mövzusunda maarifləndirici və praktik yönümlü təlim təşkil olunub

Saatlı rayon təhsil sektorunun təşkilatçılığı ilə Saatlı şəhəri Məşədi Əzizbəyov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimləri üçün “Oxu təlimi” mövzusunda maarifləndirici və praktik yönümlü təlim təşkil olunub. Təlimdə rayonun müxtəlif ümumtəhsil məktəblərində fəaliyyət göstərən 3-4-cü sinif müəllimləri iştirak ediblər.

 

Təlim Saatlı şəhəri Məşədi Əzizbəyov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin metodisti Firuzə Teymurova, Qara Nuru kənd tam orta ümumtəhsil məktəbinin metodisti Növrəstə Abuşova və Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin metodisti Xanım Allahyarova tərəfindən keçirilib.

 

Təlimin məqsədi ibtidai siniflərdə şagirdlərin oxu bacarıqlarının inkişaf etdirilməsi, onların mətn üzərində düşünmə, analiz etmə və anlama qabiliyyətinin gücləndirilməsi istiqamətində müəllimlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək olub.

 

Təlim zamanı ibtidai təhsil pilləsində oxunun əhəmiyyəti, müasir tədris metodlarının tətbiqi, şagirdlərin mətnlə işləmə vərdişlərinin formalaşdırılması və oxu prosesinin daha səmərəli təşkili ilə bağlı müxtəlif yanaşmalar müzakirə olunub. Metodistlər tərəfindən oxu strategiyaları, şagirdlərin mətnin məzmununu daha yaxşı qavraması üçün istifadə edilə biləcək üsullar, eləcə də oxu zamanı tənqidi düşünmənin inkişafına xidmət edən metodlar iştirakçılara təqdim edilib.

 

Təlim çərçivəsində müəllimlər yalnız nəzəri məlumatlarla kifayətlənməyərək müxtəlif praktik fəaliyyətlərdə də iştirak ediblər. Onlar qruplar şəklində işləyərək nümunə mətnlər üzərində müzakirələr aparıb, müxtəlif oxu strategiyalarını tətbiq edərək təcrübə mübadiləsi həyata keçiriblər. Bu proses müəllimlərə gündəlik dərs fəaliyyətlərində tətbiq edə biləcəkləri yeni metod və yanaşmalarla tanış olmaq imkanı yaradıb.


Açar sözlər: ,  ,