13.03.2026

Şagirdlərimiz Respublika Fənn Olimpiadalarının final mərhələsində

Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi ümumi təhsil müəssisələrindən 27 nəfər şagird Respublika Fənn Olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanıb.

 

Qeyd edək ki, VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları ölkə üzrə ən nüfuzlu bilik yarışlarından biridir. Olimpiadalar riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla ümumilikdə 8 fənn üzrə təşkil olunur. Şagirdlərin bilik səviyyəsinin, analitik düşüncə qabiliyyətinin və yaradıcı yanaşmasının qiymətləndirilməsinə xidmət edir.

 

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, müxtəlif sahələr üzrə istedadı və yaradıcı təfəkkürü ilə seçilən gəncləri üzə çıxarmaq, onların potensial imkanlarının inkişafı üçün yeni imkanlar yaratmaqdır. Eyni zamanda bu yarışlar məktəblilərin gələcəkdə ixtisas və peşə seçiminə hazırlanmasına, elmə və tədqiqata maraqlarının artmasına mühüm töhfə verir.

 

Mil-Muğan Regional Təhsil İdarəsi RFO-nun final mərhələsində iştirak edəcək bütün şagirdləri təbrik edir, onlara qarşıdakı mərhələdə uğurlar, yüksək nəticələr və yeni qələbələr arzulayır.